İlham Əliyev: “Qarabağ təkcə milli qürur simvolumuz deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.”

İlham Əliyev: “Qarabağ təkcə milli qürur simvolumuz deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.”

16 oktyabr 2025 0000
16 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – Caspian Construction Week başa çatdı.
Regionun ən mühüm sənaye hadisələrindən biri olan bu tədbir bir sıra beynəlxalq sərgiləri birləşdirdi. Onların sırasında: 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı” sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq “Aquatherm Baku” sərgisi – İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Hovuzlar, 4-cü Xəzər Beynəlxalq “Plastex Caspian” sərgisi – Plastik və Polimer Sənayesi, eləcə də 13-cü Xəzər Beynəlxalq “Road & Traffic” sərgisi – Yol İnfrastrukturu və İctimai Nəqliyyat yer almışdır. Bu il ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə etmiş və 17 ölkədən 299 şirkət bu sərgidə iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Caspian Construction Week iştirakçılarına ünvanladığı məktubunda “Rebuild Karabakh” sərgisinin əhəmiyyətini xüsusi vurğulamışdır. Prezident qeyd etmişdir ki, bu sərgi Konstitusiyanın qəbulunun 30 illiyi və Vətən müharibəsində tarixi Qələbənin 5 illiyi ilə eyni vaxta təsadüf edir. “Bu gün Qarabağ təkcə milli qürur simvolumuz deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.” Dövlət başçısı əminliyini ifadə etmişdir ki, bu sərgi Qarabağın və bütövlükdə regionun bərpasında mühüm rol oynayacaq, tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə, müasir inkişaf istiqamətlərinin və investisiya təşəbbüslərinin formalaşmasına şərait yaradacaqdır.
Şübhəsiz ki, “Rebuild Karabakh” sərgisi Caspian Construction Week çərçivəsində keçirilən tədbirlərin mərkəzində dayanmışdır. Tədbirin açılış mərasimində iqtisadiyyatla bağlı əsas dövlət qurumlarının rəhbərləri çıxış edərək sərginin ölkəmizin investisiyalar, texnologiyalar və innovasiyalar üzrə qlobal mərkəz kimi mövqeyini gücləndirdiyini vurğulamışlar. “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti və infrastruktur layihələri regionun simasını köklü şəkildə dəyişir.
Sərgilərin zəngin işgüzar proqramı KİV tərəfindən geniş işıqlandırılmış, çoxsaylı sahə ekspertlərini, biznes nümayəndələrini və dövlət qurumlarının təmsilçilərini bir araya gətirmişdir. Panel sessiyalar və diskussiyalar zamanı innovativ texnologiyaların tətbiqi, yeni keyfiyyət standartlarının hazırlanması, eləcə də azad edilmiş ərazilərin bərpası kimi aktual məsələlər müzakirə olunmuşdur. Müzakirələrdə iştirak edənlər qeyd etmişlər ki, Qarabağ artıq təkcə iqtisadi və investisiya baxımından deyil, həm də Azərbaycanın yeni dayanıqlı inkişaf modelinin təməl dayaqlarından biri kimi formalaşır. Region investorlar, sahibkarlar və mütəxəssislər üçün geniş imkanlar, eləcə də əməkdaşlıq və innovativ təşəbbüslər üçün əlverişli mühit yaradır.
Sessiyalarda müzakirə olunan mövzular arasında “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli”, “Təchizat zəncirinin maliyyələşdirilməsi”, “Tikinti materiallarında keyfiyyət modeli”, “Gələcəyin memarlığı: yeni trendlər və innovasiyalar”, “Yaşıl gələcək üçün nəqliyyat: ekoloji ictimai sistemlər və avtomobillər” kimi mühüm mövzular yer almışdır.
Yubiley ilinin əsas hadisələrindən biri “Karabakh Cup” – Milli Mətbəx İrsi Çempionatı olmuşdur. Qarabağ mətbəxinə həsr olunmuş bu layihə Azərbaycanın zəngin kulinariya irsini beynəlxalq səviyyədə tanıtmışdır.
Yubiley proqramı çərçivəsində tikinti sahəsində uğurlu nəticələr göstərmiş və təhsillərini müvəffəqiyyətlə bitirmiş tələbələrin təltif edilməsi ənənəsi davam etdirilmişdir.
Yubiley həftəsinin Baş sponsoru bu il PMD Group şirkəti olmuşdur – bu şirkət daşınmaz əmlak, investisiya və inkişaf sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir.
Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri, həmçinin onların beynəlxalq tərəfdaşları “ICA Events” və “Caspian Event Management FZ-LLC” olmuşdur.
 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN