Xəzər Tikinti Həftəsi – Davamlı tikintinin, tərəqqinin və sülhün reallığı

Xəzər Tikinti Həftəsi – Davamlı tikintinin, tərəqqinin və sülhün reallığı

20 oktyabr 2026
16 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionun tikinti sektorunun aparıcı sahə platformalarından biri olan 31-ci Xəzər Tikinti Həftəsi (“Caspian Construction Week”) öz işini başa çatdırdı. Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” şirkətləri və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.
Həftə çərçivəsində eyni məkanda “BakuBuild” — 31-ci Azərbaycan Beynəlxalq “Tikinti” Sərgisi, “Rebuild Garabagh” — 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidən Qurulması və İnkişafı” Sərgisi, “Aquatherm Baku” — 18-ci Beynəlxalq “Isitmə, Ventilyasiya, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Hovuzlar” Sərgisi və “Plastex Caspian” — 5-ci Xəzər Beynəlxalq “Plastmas və Polimerlər Sənayesi” Sərgisi keçirildi. Xəzər Tikinti Həftəsi ilə eyni vaxtda həmçinin “Road & Traffic” — 14-cü Xəzər Beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” Sərgisi də baş tutdu.
31-ci Xəzər Tikinti Həftəsinin rəsmi açılış mərasimində ən mühüm hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rebuild Garabagh” və “BakuBuild” sərgilərinin iştirakçılarına və qonaqlarına ünvanladığı təbrik məktubu oldu. Bu sənəddə dövlət başçısı təcrübə mübadiləsi, müasir texnologiyaların nümayişi və işgüzar tərəfdaşlıqların qurulması üçün əla platforma formalaşdıran “BakuBuild” və “Rebuild Garabagh” sərgilərini yüksək qiymətləndirdi, həmçinin azad edilmiş ərazilərin bərpasında tətbiq olunan şəhərsalma və mühəndislik sahəsindəki qabaqcıl həllərin effektini xüsusi vurğuladı.
Çıxış edən dövlət qurumlarının rəhbərlərinin fikrincə, sərgilər müasir tərəqqipərvər tikintinin reallığını əks etdirir və gələcəyə yönəlmiş mühüm bir tədbirdir.
Xəzər Tikinti Həftəsində 270-dən çox şirkət iştirak etdi. İştirakçılar arasında Azərbaycan, Almaniya, Avstriya, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rumıniya, Rusiya, Türkiyə və Ukraynadan olan şirkətlər var idi. Bu il İtaliya sərgidə Siciliyanın potensialını və məhsullarını əks etdirən iki milli pavilyonla təmsil olundu.
Xəzər Tikinti Həftəsi çərçivəsində bir neçə sərgini eyni vaxtda keçirmək iştirakçılara tikinti, memarlıq, mühəndislik sistemləri, su təchizatı, sənaye istehsalı və infrastrukturu sahələrində geniş peşəkar auditoriyaya çıxış imkanı qazandırdı.
Ölkənin dövlət qurumları və aparıcı institusional təşkilatları da Xəzər Tikinti Həftəsində öz stendləri ilə geniş təmsil olundular. İştirakçılar arasında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “AzerGold” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi — KOBİA, həmçinin Ələt Azad İqtisadi Zonası (AFEZ) yer alırdı.
“BakuBuild” tikinti və istehsalat avadanlıqlarını, interyer və memarlıq həllərini, işıqlandırma və izolyasiya sistemlərini, landşaft həllərini və digər istiqamətləri nümayiş etdirdi.
“Rebuild Garabagh” işğaldan azad edilmiş ərazilərin miqyaslı bərpası və yenidən qurulması prosesində iştirak edən beynəlxalq şirkətləri, sahibkarları və investorları bir araya gətirdi. Prezident İlham Əliyev öz müraciətində vurğuladı ki, bu mərhələdə əsas prioritetlər özəl investisiyaların artırılması, daimi məşğulluğun genişləndirilməsi, ixracayönümlü istehsalın inkişafı və Qarabağ ilə Şərqi Zəngəzurun ölkənin yeni iqtisadi artım mərkəzinə çevrilməsidir.
“Aquatherm Baku” isitmə, ventilyasiya, kondisionerləşdirmə, su təchizatı və santexnika sahələrini əhatə etdi.
“Plastex Caspian” plastmas və polimerlər sənayesində xammal, istehsal texnologiyaları və hazır həlləri sərgilədi.
Sərgi çərçivəsində rusiyalı istehsalçılar ilə Azərbaycanın aqrosənaye və biznes ictimaiyyətinin nümayəndələri arasında işgüzar görüşlər və danışıqlar aparıldı, yeni tərəfdaşlıq və təchizat imkanları müzakirə olundu.
Xəzər Tikinti Həftəsi panel müzakirələri, tematik sessiyalar, təqdimatlar, B2B və B2G formatında görüşlər, habelə Qarabağ və Şərqi Zəngəzurun davamlı və innovativ inkişafına yönəlmiş 44 saatlıq xakatonu əhatə edən zəngin biznes proqramı ilə diqqət çəkdi.
B2B və B2G formatındakı işgüzar görüşlər şirkətlərə dövlət qurumlarının və özəl sektorun nümayəndələri ilə birbaşa əlaqələr qurmağa, əməkdaşlıq imkanlarını müzakirə etməyə və yeni tərəfdaşlıq münasibətləri yaratmağa imkan verdi.
Xəzər Tikinti Həftəsinin son günündə müzakirələrin əsas mövzuları müasir tikinti şəraitində memarlıq siyasəti və mədəni irsin qorunması, şəhər məkanlarına yeni baxış və Azərbaycanda şəhərsalmanın gələcəyi oldu.
Jurnalist sorğusu zamanı sərgilərin iştirakçıları və qonaqları belə möhtəşəm tədbirin hazırlanmasında yüksək peşəkarlıq nümayiş etdirən təşkilatçıların qonaqpərvərliyini və sərgilərin səmimi mühitini xüsusilə qeyd etdilər. Çoxsaylı blis-müsahibələr ziyarətçilərin əhval-ruhiyyəsini çatdırdı; onlar burada həmkarlarla ünsiyyətdə olmağın, fikir mübadiləsi aparmağın və peşəkar məsələləri müzakirə etməyin xoş olduğunu vurğuladılar. Bu cür tədbirlər sahələrarası əlaqələrin inkişafında və biznes imkanlarının yaradılmasında mühüm rol oynayır. Bu səbəbdən Xəzər Tikinti Həftəsinin demək olar ki, bütün iştirakçıları və qonaqları gələn ili də səbirsizliklə gözləyirlər.
 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN