Türkmen istehsalçısı Azərbaycan bazarında əməkdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir
16 oktyabr 2026
Bayramdurdı Gurbanveliyev, Satış üzrə nümayəndə, Mesi Economic Society
Biz Türkmənistandan gəlmişik və ölkəmizin istehsalçılarını təmsil edirik. Şirkətimizin əsas fəaliyyət istiqaməti polipropilen və toxunma kisələrinin istehsalıdır. Məqsədimiz istehsal etdiyimiz məhsulları daha geniş bazarlarda tanıtmaq, yeni tərəfdaşlar tapmaq və ixrac coğrafiyamızı genişləndirməkdir.
Fabrikimiz Aşqabadda yerləşir və hazırda aylıq 500 ton istehsal gücünə malikdir. Burada tikinti, kənd təsərrüfatı və qida sənayesi üçün nəzərdə tutulan polipropilen kisələr istehsal edirik. Məhsullarımızı müştərilərin tələbatına uyğun olaraq müxtəlif ölçülərdə və qalınlıqlarda hazırlayırıq. Bu da müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin ehtiyaclarını qarşılamağa imkan verir.
Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan, Belarus və Moldova da daxil olmaqla, yeddi ölkəyə ixrac həyata keçiririk. İxrac coğrafiyamızı daha da genişləndirmək və istehsal imkanlarımızı artırmaq istiqamətində çalışırıq. Yaxın zamanda istehsal gücümüzün iki dəfə artırılaraq aylıq 1000 tona çatdırılması, eyni zamanda məhsul çeşidimizin genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycan bazarı bizim üçün xüsusi maraq kəsb edir. Bu sərgidə iştirakımızın əsas məqsədi yerli şirkətlərlə əlaqələr qurmaq, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək və məhsullarımızı Azərbaycan bazarında daha geniş tanıtmaqdır. İnanırıq ki, burada qurulacaq işgüzar əlaqələr gələcəkdə yeni müqavilələrin imzalanmasına və əməkdaşlığımızın inkişafına şərait yaradacaq. Məhsullarımıza maraq göstərən şirkətlər çoxdur. Hesab edirik ki, sərgidən sonra da əlaqələrimizi davam etdirərək bu marağı real əməkdaşlığa çevirə bilərik.